DOI : https://doi.org/10.30546/670832.2026.013.1069
Xülasə: Bu tədqiqat Sənaye 5.0 paradiqmasının sektorların rəqəmsallaşma proseslərinə təsirini konseptual çərçivədə təhlil edir və həmin təsirləri Azərbaycan elektronika sektoru nümunəsində qiymətləndirir. Sənaye 4.0-ın texnologiya və məhsuldarlıq yönümlü yanaşmasından sonra Avropa Komissiyası tərəfindən 2021-ci ildə irəli sürülmüş Sənaye 5.0 konsepsiyası insan mərkəzliliyi, dayanıqlılıq və davamlılıq kimi üç əsas prinsip üzərində formalaşan, istehsalı yalnız iqtisadi məqsədlərlə deyil, həm də sosial və ekoloji hədəflərlə əlaqələndirən inteqrə olunmuş inkişaf modelini təqdim edir. Keyfiyyət yönümlü sənəd təhlili və konseptual ədəbiyyat icmalı metodlarına əsaslanan bu araşdırmada əvvəlcə Sənaye 5.0 konsepsiyasının nəzəri əsasları və onu dəstəkləyən texnologiyalar təhlil edilmiş, daha sonra isə bu paradiqmanın elektronika sektorunun rəqəmsallaşma dinamikasına mümkün təsirləri qiymətləndirilmişdir. Neft gəlirlərindən asılı iqtisadiyyatını şaxələndirməyə çalışan Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) və elektronika sahəsində həyata keçirdiyi siyasət və inkişaf strategiyaları Dünya İqtisadi Forumu (WEF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Asiya İnkişaf Bankının (ADB) hesabatları əsasında təhlil edilmişdir. Tədqiqatın nəticələri göstərir ki, Azərbaycanda elektronika sektoru hazırda əsasən montaj və məhdud istehsal mərhələsində fəaliyyət göstərir. Bununla yanaşı, dövlət tərəfindən həyata keçirilən güclü rəqəmsal transformasiya siyasəti Sənaye 5.0-ın insan mərkəzli və davamlı inkişaf prinsiplərinə uyğun olaraq texnoloji sıçrayış (leapfrogging) üçün əlverişli imkanlar yaradır. Tədqiqat Sənaye 5.0 ilə Azərbaycan elektronika sektorunun kəsişməsində mövcud olan elmi boşluğu ön plana çıxarır və gələcək empirik araşdırmaların aparılması üçün konseptual çərçivə təqdim edir.
Açar sözlər: Sənaye 5.0; rəqəmsallaşma; rəqəmsal transformasiya; elektronika sektoru; Azərbaycan; insan mərkəzli istehsal.